"Kosmos-482" aparatı orbitdən çıxaraq okeana düşüb.
"PostMedia" xəbər verir ki, 1972-ci ildə buraxılmış "Kosmos-482" kosmik aparatı orbitdən çıxaraq Hind okeanına düşüb. Bu barədə məlumatı TASS informasiya agentliyi “Roskosmos”a istinadən yayıb.
“1972-ci ildə buraxılmış ‘Kosmos-482’ kosmik aparatı orbitdən çıxaraq Hind okeanına düşməklə fəaliyyətini dayandırıb. Aparatın enişi Yerin yaxın kosmik məkanında təhlükəli vəziyyətlər barədə avtomatlaşdırılmış xəbərdarlıq sisteminin vasitəsilə müşahidə olunurdu”, – deyə dövlət korporasiyasının Telegram kanalında bildirilir.
“Roskosmos”un məlumatına əsasən, aparat Yer atmosferində məhv olub. “TsNİİMaş” mütəxəssisləri obyektin atmosferin sıx qatlarına dəqiq daxilolma vaxtını və yerini müəyyən ediblər: Bakı vaxtı ilə saat 10:24-də Hind okeanı üzərində, Andaman adası (Orta Andaman adası) sahilindən 560 km qərbdə atmosferə daxil olub və bundan sonra Cakartanın qərbində okeana düşüb".
“Roskosmos”un məlumatına görə, bu aparat 1972-ci ilin yazında Venera planetini tədqiq etmək məqsədilə orbitə çıxarılıb. Lakin ciddi texniki nasazlıq – sürətləndirici blokda baş vermiş nasazlıq səbəbindən aparat nəzərdə tutulmuş trayektoriyanı tuta bilməyərək Yer ətrafında uzunsov orbitə düşüb. Bundan sonra “Kosmos-482” davamlı olaraq orbitini alçaldaraq Yer səthinə yaxınlaşmağa başlayıb.