Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik - V siniflərə qəbula qoyulan qadağa ləğv olunub
"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Təhsil İnstitutu açıqlama yayıb.
Açıqlamada deyilir : "2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verildiyi qeyd olunub.
Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək".
Qeyd edək ki, bundan əvvəl lisey və gimnaziyalara qəbul qaydalarında edilən ilk dəyişiklik valideynlər arasında narazılığa səbəb olub. Əsas narazılıq, qəbul prosesinin yalnız VI sinif şagirdləri üçün nəzərdə tutulması və digər siniflər üzrə qəbul imkanlarının məhdudlaşdırılması ilə bağlı olub.