Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) mayın 9-u saat 00:00-dan başlayaraq Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, tam şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdıracaq.
Bu barədə “PostMedia”ya AAYDA-dan bildirilib.
Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələrini tövsiyyə edir.
Məlumatda qeyd edilir ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, aparılan əsaslı yenidənqurma işləri zamanı yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılması məqsədilə hərəkətin tam şəkildə məhdudlaşdırılması zərurəti yaranıb.
Bütün təmir-bərpa işləri “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən aparılır.