Azərbaycan artıq Şimali Qafqazda investisiya qoyan xarici ölkələrdən biridir və Şimali Qafqaza yatırılan investisiyalar mövcud artım tempi ilə 10 trilyon rubla (210 milyard manata) çata bilər.
"PostMedia" xəbər verir ki, bu barədə "Rossiya-24" telekanalının efirində "Kavkaz.RF" şirkətinin birinci direktor müavini Andrey Tsemaxoviç məlumat verib.
“Əgər bu templər qorunub saxlanılarsa 10 il ərzində Şimali Qafqaza təxminən 10 trilyon rubl həcmində investisiyaların yatırılmasını gözləyirik,” – deyə Tsemaxoviç bildirib.
Onun sözlərinə görə, hakimiyyət Şimali Qafqazda layihələrin həyata keçirilməsi üçün xarici investorların cəlb edilməsini planlaşdırır. Şirkətinin rəsmisi qeyd edib ki, hazırda regionda fəaliyyət göstərən xarici investorlar arasında Azərbaycan da var.
“Hazırda investisiyaların əsas hissəsi ya Mərkəzi Rusiyadan gəlir, ya da Şimali Qafqazda fəaliyyət göstərən yerli investorlar tərəfindən yatırılır. Biz xarici investorların gələcəyini böyük ümidlə gözləyirik – artıq Azərbaycandan, Özbəkistandan və Türkiyədən investorlarımız var,” – deyə direktor müavini əlavə edib.