İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik kəsintisi baş verib
"PostMedia" xəbər verir ki, İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik və rabitə kəsintisi baş verib, bu barədə laSexta telekanalı məlumat yayıb.
"İspaniyanın bir çox bölgələrində bazar ertəsi günü yerli vaxtla təxminən 12:30-da yüzlərlə müəssisə və evdə, o cümlədən mobil şəbəkələrdə elektrikin kəsilməsi vətəndaşlar arasında çaşqınlığa səbəb olub," — deyə materialda qeyd olunur.
Elektrik kəsintiləri Madrid, Barselona, Valensiya, La Korunya, Sevilya və digər şəhərlərdə qeydə alınıb. Madrid-Baraxas beynəlxalq hava limanının fəaliyyətində ciddi pozuntular müşahidə olunub. Bəzi yaşayış məntəqələrində isə işıqforların işləməməsi səbəbindən nəqliyyatın hərəkəti iflic olub.
Krallıqda baş verən kütləvi elektrik kəsintisi bütün dəmir yolu şəbəkəsində qatarların hərəkətinin dayanmasına səbəb olub. Madriddə və Barselonada metro sərnişinləri vaqonlardan enməli və piyada davam etməli olublar.
Telekanalın dəqiqləşdirdiyinə görə, elektrik təchizatındakı problemlər Portuqaliya ərazisinə də təsir edib. Hadisənin səbəbləri hələlik məlum deyil, hökumət və enerji şirkətləri insidentin təfərrüatlarını araşdırır.
Cadena SER radiostansiyası mənbələrə istinadən bildirib ki, İspaniya hökumətinin baş verənlərlə bağlı hələlik izahı yoxdur və elektrik kəsintisi ilə bağlı vəziyyət araşdırılır.