Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda yerləşən “Jet Set” gecə klubunda damın çökməsi nəticəsində həyatını itirənlərin sayı 79 nəfərə yüksəlib. “PostMedia” xəbər verir ki, bu barədə yerli “Diario Libre” nəşri Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesə istinadla məlumat yayıb.
Mendesin sözlərinə görə, son saatlarda aparılan axtarış-xilasetmə işləri nəticəsində sağ qalanlara rast gəlinməyib. Hadisə nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərin sayı isə 150-ni keçib.
Qeyd edək ki, Dominikan Respublikasının prezidenti Luis Abinader hadisə ilə əlaqədar ölkədə üç günlük matəm elan edib. Paytaxtın müxtəlif bölgələrində isə yaralılara qan vermək üçün donor mərkəzləri fəaliyyətə başlayıb.