Musiqi müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başlayır.
"PostMedia" Mədəniyyət Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Attestasiyanın nəticələri üzrə 492 nəfər müəllim tutduğu vəzifəyə uyğun hesab edilib, onlardan 112 nəfəri komissiya üzvlərinin 2 lehinə, 3 əleyhinə səsi ilə qiymətləndirilib.
"Bu şəxslər üçün əlavə inkişaf imkanlarının yaradılması məqsədilə onların xüsusi təlim proqramına cəlb olunmaları nəzərdə tutulub" - məlumatd bildirilir.
Mədəniyyət Nazirliyinin tapşırığı ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi həmin müəllimlər üçün xüsusi inkişaf yönümlü təlim proqramları hazırlayıb. Bu proqramlar attestasiya komissiyalarının qeyd etdiyi təlim ehtiyaclarına uyğun olaraq fortepiano, musiqi tarixi və nəzəriyyəsi istiqamətləri üzrə tərtib olunub.
"Təlimlərin əsas məqsədi sözügedən müəllimlərin peşəkar bilik və bacarıqlarının yenilənməsi, metodiki hazırlıqlarının gücləndirilməsinə onların işə qəbul üzrə keçiriləcək imtahanda uğurlu nəticə göstərmələrinə dəstək olmaqdır" - nazirlik qeyd edib.
Təlimlər 2025-ci il may ayının 1-dən etibarən mərhələli şəkildə, əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçiriləcək: "İştirakçılar müvafiq tədris materialları və proqramla təmin ediləcək, dərslər təcrübəli pedaqoqlar və sahə üzrə ekspertlər tərəfindən keçiriləcəkdir".
Nazirlik həmiçinin qeyd edib ki, təlimlərin başlanması ilə bağlı iştirakçılara yaxın günlərdə bildirişlər göndəriləcək.