Kəşf edilən yeni texnologiya istənilən mətn informasiyasını polimer molekullar şəklində saxlamağa imkan verir. Molekulların hər biri ASCII simvollarına uyğun gələn 256 unikal bənd dəstindən ibarətdir — bu, kompüterlərdə ən geniş istifadə olunan simvol kodlaşdırma sistemidir.
"PostMedia" "Chem" elmi jurnalınna istinadən xəbər verir ki, amerikalı kimyaçılar istənilən mətn informasiyasını 256 unikal bənd dəstindən ibarət polimer molekulları şəklində saxlamağa imkan verən texnologiya hazırlayıblar. Bu texnologiya vasitəsilə alimlər 11 simvoldan ibarət bir parolu yazıb oxuya bilib.
“Bu molekullardan enerji mənbəyinə ehtiyac duymayan və ‘əbədi’ informasiya daşıyıcısı kimi istifadə etmək mümkündür. Biz ilk dəfə olaraq adi plastik ‘tikinti blokları’ ilə məlumat yazdıq və onu elektrik siqnalları vasitəsilə oxuya bildik. Bu nailiyyət, ətrafımızdakı materiallarda məlumat saxlamağa imkan verən texnologiyaların yaradılması istiqamətində ilk addımdır,” – deyə Texas Universitetinin əməkdaşı Pravin Pasupati diqqətə çatdırıb.
Kimyaçıların qeyd etdiyinə görə, təbiətdə məlumatların saxlanması üçün molekullardan və atomlardan istifadə edən çoxsaylı sistemlər mövcuddur. Bu baxımdan ən parlaq nümunə insan DNT-sidir: onun mikroskopik molekulları cəmi dörd “hərf” – nukleotid vasitəsilə bir neçə gigabayt informasiya saxlayır.
Belə ki Amerikalı alimlər, məlumatları DNT-yə bənzər şəkildə kodlaşdıran molekulyar yaddaş qurğusu hazırlayıb. Onlar bu məqsədlə oliqourethan sinfinə aid polimerlərdən istifadə ediblər. Bu sistemdə hər biri dörd müxtəlif bənddən ibarət “dördlüklər” məlumat saxlama vasitəsi kimi çıxış edir. Bəndlərin müxtəlif kombinasiyaları 256 fərqli simvolu kodlaşdırmağa imkan verir ki, bu da ASCII kod cədvəlindəki simvolların sayına uyğundur.
Molekulyar məlumat daşıyıcısının işi polimer zəncirindəki dörd növ bəndin hər birinin özünəməxsus elektro-kimyəvi xassələrinə əsaslanır. Bu xassələr sayəsində həmin bəndlər, elektrik impulslarının gərginliyinə təsirləri baxımından fərqlənə bilir. Beləliklə, məlumatı oxumaq üçün polimerdən bəndlər bir-bir ayrılır və gərginlikdəki dəyişikliklər izlənilir.
Yazma və oxuma prosesi üçün alimlər gərginlik dəyişikliklərini avtomatik emal edən və onları mətnə çevirən xüsusi alqoritm hazırlayıblar. Bu proqramdan istifadə etməklə, tədqiqatçılar təsadüfi simvollardan ibarət 11 simvol uzunluğunda bir parolu polimerə yazıb və sonra tam avtomatik rejimdə uğurla oxuyublar. Hazırda bu proses təxminən 2,5 saat çəkir, lakin alimlər gələcək versiyaların oxuma sürətini bir neçə dəfə artıracağını ümid edirlər.