Saçlarımız bədənimizin daxilində baş verənlər barədə daha dərin bir hekayə danışır. Saç telləri incələ bilər, tökülə bilər və ya erkən ağara bilər. Çox vaxt bu əlamətlər bədənin əsas qida maddələrindən məhrum olduğunu və ya hormonların balanssız olduğunu göstərən incə ipuclarıdır.
Araşdırmalar zamanı qidalanma zamanı lazımi maddələrin çatışmazlığı və ya daxili balansın pozulması ilə birbaşa əlaqəli olan bir sıra əlamətlər aşkar edilib.
ERKƏN SAÇ AĞARMASI – B12 VİTAMİNİ ÇATIŞMAZLIĞI ƏLAMƏTİ OLA BİLƏR
Əgər saçlar 30 yaşdan tez ağarmağa başlayırsa, bunun səbəbi heç də həmişə genlə bağlı olmaya bilər. Belə hallarda ən çox nəzərdən qaçan səbəblərdən biri B12 vitamini çatışmazlığıdır. Bu vacib vitamin qırmızı qan hüceyrələrinin istehsalında və sağlam sinir funksiyasının dəstəklənməsində mühüm rol oynayır.
B12 kifayət qədər olmadıqda, saç rəngini təmin edən melanin istehsalı zəifləyə və erkən ağarmaya səbəb ola bilər. Eyni zamanda, B12 çatışmazlığı enerji metabolizmini də zəiflədir ki, bu da saç köklərinə mənfi təsir göstərir.
Xüsusilə həzm problemləri olan, vegeterian və ya vegan pəhriz saxlayan insanlar bu çatışmazlığa daha çox məruz qala bilər.
QIRILAN, QURU VƏ CANSIZ SAÇLAR – “OMEGA 3” ƏSKİKLİYİ
Əgər saçlar quruyursa, dolğunluğunu və elastikliyini itirirsə, bunun səbəbi “Omega 3” yağ turşuları çatışmazlığı ola bilər. Bu faydalı yağ turşuları saç dərisini qidalandırır və saç tellərini daxildən nəmləndirir.
Vücud özü “Omega 3” istehsal edə bilmədiyindən, bu yağları əsasən qidalar vasitəsilə almaq lazımdır – xüsusilə yağlı balıqlar, qoz və kətan toxumu ilə qidalanmaq tövsiyyə olunur.
“Omega 3” çatışmazlığı nəticəsində saç dərisi quruyur, saç isə parıltısını və elastikliyini itirərək asanlıqla qırılır.
SAÇIN İNCƏLMƏSİ – DƏMİR ÇATIŞMAZLIĞI
Saçların tədricən incəlməsi dəmir çatışmazlığının ən klassik əlamətlərindəndir. Dəmir, hüceyrələrə oksigen daşıyan hemoglobinin formalaşmasında əsas rol oynayır.
Orqanizmdə dəmir azaldıqda, saç kökləri kifayət qədər oksigenlə təmin olunmur və zəifləməyə başlayır.
Bu isə saç tökülməsinə və ümumi həcm azalmasına səbəb ola bilər.
Xüsusilə menstruasiya səbəbindən çoxlu qan itirən qadınlar bu riski daha çox daşıyır. İspanaq, mərcimək, yağsız ət kimi dəmir baxımından zəngin qidalar bu çatışmazlığı aradan qaldırmaqda kömək edə bilər.
KƏPƏK PROBLEMI – SİNK ÇATIŞMAZLIĞI
Kəpək əleyhinə şampunlara baxmayaraq keçməyən qabıqlı saç dərisi sink çatışmazlığına işarə ola bilər.
Sink, saç köklərinə bağlı yağ ifraz edən vəzlərin funksiyasını qorumaq üçün həyati əhəmiyyət daşıyır. O, həmçinin dəri bərpası və immun sistemini dəstəkləyir, bu da sağlam saç dərisi üçün vacibdir.
Sink çatışmazlığı saç dərisində iltihab və soyulma hallarını artırır.
Pəhriz əsasında qoz-fındıq, toxumlar, tam taxıllar və paxlalılar daxil etməklə bu vacib mineralla zənginləşə və saç dərisi problemlərini azalda bilərsiniz.
SAÇ TÖKÜLMƏSİ – DHT HORMONU VƏ STRESS
Xüsusilə kişilərdə nizamsız keçəllik və ya geriyə çəkilmiş saç xətti müşahidə olunursa, bu DHT (dihidrotestosteron) hormonunun normadan yüksək olması ilə əlaqəli ola bilər. Bu hormon testosterondan əmələ gəlir və genetik meyilli insanlarda saç köklərini zəiflədir.
Tam olaraq qida çatışmazlığı olmasa da, hormonal balansın pozulması androgenik alopesiya adlı saç tökülməsi növünə səbəb ola bilər.
DHT səviyyəsini idarə etmək üçün həkim məsləhəti ilə qidalanma təmin edilməlidir. Eyni zamanda balanslı qidalanma və iltihabverici qidalardan uzaq durmaq hormonların normada qalmasına kömək edə bilər.
Əgər qəfil və intensiv saç tökülməsi yaşanırsa, bu vəziyyət bədənin əsas stres hormonu olan kortizol ilə əlaqəli ola bilər.
Xroniki stress saç follikullarının istirahət mərhələsinə keçdiyi telogen effluvium adlı vəziyyətə gətirib çıxarır.
Yüksək kortizol həm də dəmir və sink kimi digər vacib maddələrin çatışmazlığını daha da artırır.
Dərin nəfəs alma, yoqa, gündəlik gəzinti kimi stres idarəetmə texnikaları bu hormonu azaltmaqda və saç sağlamlığını qorumaqda mühüm rol oynaya bilər.