Çində bir paraşütçü, sadəcə avadanlıqları yoxlamaq məqsədilə havaya qalxdığı halda, təsadüfən 28,200 fut (təxminən 8,600 metr) yüksəkliyə çataraq ölüm riski ilə üzləşib. “PostMedia” xəbər verir ki, hadisə sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirələrə səbəb olub.
Hadisə necə baş verdi?
55 yaşlı Peng Yucianq, Çinin Gansu əyalətindəki Çilian dağ silsiləsində, ötən şənbə səhər saatlarında təxminən 3,000 metr hündürlükdə “yer məşqi” (ground handling training) edərkən gözlənilmədən güclü külək onu havaya qaldırıb. Küləyin güclənməsi nəticəsində nəzarəti itirən Peng bulduların üzərinə, hətta Everest zirvəsinə yaxın bir hündürlüyə qədər yüksəlib. Bu prosesdə o, nə endə bilib, nə də glayderə nəzarət edə bilib.
Bu fenomen “cloud suck” (buludun içə çəkməsi) adlanır və paraşütçülər üçün çox təhlükəli hesab olunur. Bu zaman pilot hava axınlarının təsiri ilə yüksəkliyə doğru sürətlə çəkilir. Bu yüksəklikdə oksigen çatışmazlığı (hipoksiya) həyati təhlükə yarada bilər – orqan zədələnməsi və ya ölüm baş verə bilər.
O anları lentə alıb, sağ qalmağı bacardı
Pengin üzərindəki kamera bu dramatik anları qeydə alıb. Videoda onun üzü və bədəni buzla örtülmüş vəziyyətdə görünür. Hadisədən sonra danışan Peng deyib:
“Oksigenin çatışmadığını hiss edirdim. Əllərim donmuşdu. Radyo ilə danışmağa çalışırdım.”
Nəticədə, o, uçuş nöqtəsindən 32 km uzaqda enə bilib və vəziyyəti sabitdir. Çin mediasına danışan Peng bildirib:
“Bu hadisəni düşündükcə hələ də qorxuram.”
Gansu əyalətinin idman orqanları Pengi 6 ay müddətinə uçuşdan uzaqlaşdırıb. Onlar bildiriblər ki, Pengin bu uçuşu əvvəlcədən planlaşdırılmamış olub və sadəcə məşq məqsədi daşıyıb, ona görə də bu, rəsmi qaydada qeydiyyatdan keçməyib və qəza kimi qiymətləndirilib.
Bundan əlavə, hadisə görüntülərini icazəsiz paylaşan ikinci bir pilot da 6 aylıq uçuşdan uzaqlaşdırılıb.
Oxşar hadisə 2007-ci ildə də yaşanmışdı
2007-ci ildə Polşalı dünya çempionu paraşütçü Eva Vişnyerska, Avstraliyada təlim zamanı təsadüfən 10,000 metrə (32,800 fut) qalxaraq rekord qırmışdı. O, havada huşunu itirmiş, lakin 80 kilometr uzaqda sağ-salamat yerə enə bilmişdi. Təəssüf ki, həmin gün eyni şəraitə düşən başqa bir paraşütçü həyatını itirmişdi.
Vişnyerska sonradan demişdi:
“Bu hadisə mənim həyat prioritetlərimi dəyişdi. Artıq sadəcə zövq üçün uçuram, yarışlara qatılmıram. Bu cür təhlükələrdən sonra başa düşürsən ki, həyat medallardan daha önəmlidir.”