Xəzər dənizində üzən gəmilərin fəaliyyətinin aprelin 17-si gündüz saatlarından etibarən bərpa ediləcəyi gözlənilir.
Bu barədə “PostMedia” “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) məlumat verilib.
Bildirilib ki, təhlükəsizlik məqsədilə hazırda ASCO-ya məxsus gəmilər güclü küləkli hava şəraiti ilə əlaqədar lövbər dayanacaqlarında və sığınacaqlarda yerləşdirilib.
Qeyd edək ki, aprelin 16-sı saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit və küləkli hava şəraiti hökm sürür. Gecədən etibarən başlayan güclü yağış və şimşək hadisələri hələ də davam edir.
Hazırda şimal-qərb istiqamətində əsən güclü külək Bakıda və Abşeron yarımadasında 34 m/s, Altıağacda 19 m/s, Şamaxı və Naftalanda 18 m/s, Qubada isə 16 m/s sürətə çatıb. Neft Daşları stansiyasından verilən məlumata görə, Xəzər dənizində dalğaların hündürlüyü 3 metrə qədər yüksəlib.