“Samsung Electronics” çərşənbə axşamı indiyədək istehsal etdiyi ən incə flaqman modeli olan “S25 Edge”i təqdim edib.
”PostMedia” xəbər verir ki, yeni model təkmilləşdirilmiş süni intellekt (AI) funksiyaları ilə təchiz olunub və şirkət bununla premium bazarda əsas rəqibi olan “Apple”ı daha da üstələməyi planlaşdırır.
Şirkətin açıqlamasına görə, “S25 Edge” xüsusilə 20-30 yaş arası istifadəçilər arasında artan tələbatı qarşılayaraq daha daşınabilən smartfon istəyini ödəməyə yönəlib.
“Əldə etdiyimiz rəy açıq idi – istifadəçilər performansı aşağı salmadan daha incə və daşıması asan bir cihaz istəyirdilər,” – deyə “Samsung”dan bildirilib.

Şirkət bu məqsədlə çap dövrə lövhəsi və istilik sistemləri də daxil olmaqla daxili komponentlərin qalınlığını azaltmaq üçün struktur dəyişikliklər edib.
Analitiklərin fikrincə, bu təqdimat “Apple”ın ilin ikinci yarısında daha incə “iPhone” təqdim etməsindən öncə həyata keçirildiyi üçün strateji xarakter daşıyır.
“Samsung”un verdiyi məlumata görə, “S25 Edge” mayın 23-dən Cənubi Koreyada, mayın 30-dan isə ABŞ-da satışa çıxarılacaq.

Şirkət onu Çin və Avropa da daxil olmaqla təxminən 30 ölkəyə təqdim etməyi planlaşdırır.
Modelin başlanğıc qiyməti 1,099 dollar olacaq. 6,7 düymlük (170 mm) ekran və cəmi 5,8 millimetr qalınlıqda olan “S25 Edge”, əsas “S25”modelindən daha böyükdür, lakin çəkisi cüzi dərəcədə çoxdur.
Yeni model “Samsung”un ən son süni intellekt imkanlarına malikdir. Bunlara kamera vasitəsilə görüntü və səs üzərindən real vaxtda qarşılıqlı əlaqə imkanı verən multimodal AI funksiyası daxildir.

“Samsung” yeni modelin istehsal olunduğu məkanı açıqlamayıb.
Təqdimat zamanı şirkət performans və qızma problemləri ilə bağlı mümkün narahatlıqları da rədd edib.
“Counterpoint Research”iü məlumatına görə, “Samsung” 2025-ci ilin birinci rübündə qlobal bazarda 20% payı ilə lider smartfon istehsalçısı olub və “Apple”ı (19%) az fərqlə qabaqlayıb.
Lakin “Samsung” ötən ay bəyan etmişdi ki, ikinci rübdə ticarət tarifləri ilə bağlı risklər tələbi zəiflədərsə, göndərişlərə mənfi təsir göstərə bilər.