Dövlət Gömrük Komitəsindən alınan məlumatlara əsasən, bir sıra sahibkarlıq subyektləri xarici ölkələrə ixrac etdikləri məhsullardan əldə etdikləri pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmayıblar.
"PostMedia" xəbər verir ki, prokurorluq orqanları tərəfindən aparılan istintaqlarda, bu məsələlərlə bağlı bir neçə cinayət işi başlanıb. Bakı şəhəri Nərimanov rayon prokurorluğunda aparılan istintaqla, "My Vegetables" MMC tərəfindən kənd təsərrüfatı məhsullarının ixracından əldə edilən 14 milyon ABŞ dolları (23 milyon manat) Azərbaycan bankına qaytarılmayıb. Şirkətin rəhbəri Hüseynov Gündüz İsmayıl oğlu təqsirləndirilərək həbs edilib.
Eyni şəkildə, "Metal Trades" və "Aksan İthalat İhrasat və Turizm Limited Şirkəti" MMC-ləri tərəfindən ixrac edilən əlvan metalların satışından əldə edilən 2 milyon ABŞ dolları (3 milyon manat) da ölkəyə qaytarılmayıb. Bu şirkətin rəhbəri, Hindistan vətəndaşı Bijay Kumar Takir barəsində beynəlxalq axtarış elan edilib. Sabunçu rayon prokurorluğunda aparılan istintaqla, "Aroma Service" MMC tərəfindən ixrac edilən metalların satışından əldə edilən 4 milyon ABŞ dolları (6,8 milyon manat) müvafiq bank hesabına qaytarılmayıb və şirkət rəhbəri Xələfov Ramil Rafiq oğlu da təqsirləndirilən şəxs qismində cəlb edilib.
Binəqədi rayon prokurorluğunda aparılan bir digər istintaqda isə "Metal Trader" MMC tərəfindən ixrac edilən metalların satışından əldə edilən 15 milyon ABŞ dolları (25 milyon manat) Azərbaycan bankına qaytarılmayıb. Bu şirkətin rəhbəri Müslüm Gassanov barəsində də beynəlxalq axtarış elan edilib.
Prokurorluq orqanları tərəfindən Zaqatala, Balakən, Qəbələ, Xocavənd, İmişli, Hacıqabul, Samux, Lənkəran, Ağcabədi və Yevlax rayonlarında həyata keçirilən tədbirlər nəticəsində, bəzi sahibkarlıq subyektlərinin ixrac etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilən 24 milyon ABŞ dolları (40 milyon manat) artıq vəsaitin ölkəyə qaytarılması təmin edilib. Prokurorluq araşdırmalarını davam etdirir.