Avstraliyaya məxsus "Qantas Airlines"aviaşirkətinin təyyarəsi Bakıda məcburi eniş edib.
“PostMedia” xəbər verir ki, London-Sinqapur marşrutu üzrə uçuş həyata keçirən "Qantas Airlines" aviaşirkətinə aid təyyarə, göyərtədə olan sərnişinlərdən birinin qəfil səhhətində yaranan problem səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib.
"Airbus A380" model təyyarə Bakı vaxtı ilə 07:55-də təhlükəsiz şəkildə yerə enib.
Sərnişinə dərhal tibbi yardım göstərilib və hazırda onun səhhəti ilə bağlı müvafiq tibbi qiymətləndirmə və nəzarət tədbirləri davam etdirilir.
Məlumat üçün bildiririk ki, "Airbus A380" qlobal aviasiyada ən böyük sərnişin təyyarəsi sayılır.
İki göyərtəli və dörd mühərrikli bu təyyarə yüzlərlə sərnişin daşımaq qabiliyyətinə malikdir və yalnız xüsusi texniki standartlara cavab verən beynəlxalq hava limanlarında eniş edə bilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu, A380 model təyyarələrə xidmət göstərmək üçün müasir yerüstü avadanlıqlar, geniş uçuş-enmə zolaqları və yüksək səviyyəli xidmət infrastrukturu ilə təchiz edilib.
Bu səbəbdən Bakı hava limanı, regionda bu növ təyyarələri qəbul etməyə texniki və əməliyyat baxımından hazırlıqlı olan azsaylı hava limanlarından biridir.