Qırğızıstanın Pervomayskı rayon məhkəməsi sabiq prezident Almazbek Atambayevi kriminal avtoritet Aziz Batukayevin həbsdən azad edilməsinə görə təqsirli bilib, lakin iş üzrə müddətin başa çatması səbəbindən ona cəza təyin etməyib.
"PostMedia" xəbər verir ki, bu barədə TASS-a sabiq dövlət başçısının vəkili Sergey Slesaryov məlumat verib.
"Batukayev işi üzrə artıq hökm çıxarılıb. Atambayev müddətin keçməsi ilə əlaqədar cəza təyin edilmədən təqsirli bilinib," – deyə o bildirib.
Məhkəmə sabiq Qırğızıstan prezidentinin 2013-cü ilin aprelində 2006-cı ildə iğtişaşların təşkili və qanunsuz silah saxlanması da daxil olmaqla 16 il müddətinə məhkum olunmuş kriminal avtoritetin qanunsuz şəkildə vaxtından əvvəl azadlığa buraxılmasında iştirak etdiyini müəyyən edib. Batukayev azadlığa çıxan kimi Qroznıya yollanıb.
Atambayevin saxlanılması
2011–2017-ci illərdə Qırğızıstana rəhbərlik etmiş Atambayev 2019-cu il avqustun 8-də Çuy vilayətinin Koy-Taş kəndindəki iqamətgahında keçirilmiş və demək olar ki, bir sutka davam edən xüsusi əməliyyat zamanı saxlanılıb.
Öz ünvanına yönəlmiş bütün ittihamları dəfələrlə rədd etmiş sabiq prezidentin tərəfdarları müqavimət göstərib, əməliyyat zamanı xüsusi təyinatlı dəstənin bir əməkdaşı həlak olub. Qarşıdurma zamanı 100-dən çox insan, o cümlədən milis əməkdaşları tibbi yardım üçün müraciət edib.