File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maraqlı

Oyanmış qara dəlikdən təkrarlanan partlayışlar ilk dəfə qeydə alınıb

11-apr-2025
Admin
Oyanmış qara dəlikdən təkrarlanan partlayışlar ilk dəfə qeydə alınıb
Yazı Ölçüsü:
"SDSS1335+0728" qalaktikasının mərkəzində yerləşən və yaxın zamanda “oyanmış” fövqəladə kütləli qara dəlik hər ay təxminən bir dəfə 4–5 günlük aralıqlarla kvaziperiodik partlayışlar yaratmağa başlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinin (ESA) mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu müşahidələr alimlərə həmin partlayışların necə yarandığını araşdırmaq imkanı verir.
“Bu nadir hadisə bizə ilk dəfə olaraq oyanmaqda olan fövqəladə kütləli qara dəliyin davranışındakı dəyişiklikləri real vaxt rejimində bir neçə teleskop vasitəsilə izləmək imkanı yaratdı. 2019-cu ildə "SDSS1335+0728" qara dəliyi oyanandan bəri biz cəmi bir neçə belə partlayış müşahidə etmişik və onların nədən qaynaqlandığını dəqiq deyə bilmərik,” – deyə Çilidəki Valparaiso Universitetinin alimlərindən biri olan Lorena Ernandes-Qarsiya bildirib.
Ernandes-Qarsiya və həmkarları bu kəşfi Yerdən təxminən 330 milyon işıq ili uzaqlıqda, Qız (Virgo) bürcündə yerləşən "SDSS1335+0728" qalaktikasını müşahidə edərkən ediblər. Bu qalaktika əvvəllər nisbətən kiçik və elliptik olduğu üçün alimlərin diqqətini çəkməyib və heç bir fəallıq əlaməti göstərməyib.
Lakin 2019-cu ilin dekabrında ABŞ-da Palomar Rəsədxanasında yerləşən "Samuel Oshin" teleskopuna qoşulmuş ZTF avtomatik qurğusu bu qalaktikada işıqlılıqda kəskin dəyişiklik qeydə alıb. 2024-cü ildə isə alimlər bu dəyişikliklərin mərkəzdə yerləşən qara dəliyin oyanması ilə əlaqəli ola biləcəyini müəyyən ediblər.
Sonrakı müşahidələr göstərib ki, bu qara dəlik rentgen və digər elektromaqnit şüalanmaları şəklində təkrarlanan partlayışlar yaratmağa başlayıb. Bu partlayışlar 4–5 günlük aralıqlarla baş verir və hər ay təkrarlanır. Hər partlayışın gücü və digər göstəriciləri fərqli olur, bu da onların yaranma mexanizminin mürəkkəbliyini göstərir.
Alimlərin ehtimalına görə, "SDSS1335+0728" qalaktikasının mərkəzindəki qara dəliyi sıx, qızmış maddədən ibarət “yellənən” bir disk əhatə edir. Bəzən bu diskin içindən bir və ya bir neçə obyekt keçir və bu keçidlər zərbə dalğaları yaradaraq çox güclü və davamlı rentgen partlayışlarına səbəb olur.
Alimlər qeyd edir ki, bu tip partlayışların analoquna indiyədək rast gəlinməyib. Növbəti müşahidələrin bu hadisənin səbəbini daha dəqiq müəyyənləşdirəcəyinə ümid edilir.
Kateqoriyalar