Kriptovalyuta sahəsində tanınmış şəxslərdən olan "Binance"ın həmtəsisçisi və keçmiş baş direktoru Çanpenq Jao (Changpeng Zhao) Pakistan Kripto Şurasına (PCC) strateji müşavir təyin olunub.
"PostMedia" xəbər verir ki, bu barədə Pakistan Maliyyə Nazirliyi açıqlama yayıb.
Təyinat, Ç. Jaonun Maliyyə naziri və şuranın sədri Məhəmməd Ourangzeb, eləcə də PCC-nin icraçı direktoru Bilal Bin Saqib də daxil olmaqla şura üzvləri ilə görüşündən sonra elan olunub. O, eyni zamanda, Pakistanın baş naziri və baş nazirin müavini ilə də ayrı-ayrılıqda görüşlər keçirib.
Keçən ay hökumət tərəfindən yaradılan Pakistan Kripto Şurası (PCC) ölkədə kriptovalyuta ticarətinin hüquqi çərçivəsini formalaşdırmaq və xarici investisiyaları cəlb etmək məqsədi daşıyır. Hazırda bitcoin və digər kriptovalyutalar Pakistanda rəsmi şəkildə tənzimlənmir, lakin qadağan da edilməyib.
Pakistan Dövlət Bankı 2021-ci ilin yanvarından etibarən heç bir fiziki və ya hüquqi şəxsə virtual valyutaların alqı-satqısı, dəyişdirilməsi və onlara investisiya qoyuluşu ilə bağlı icazə verməyib.
Strateji müşavir qismində Ç. Jao tənzimləmə, infrastruktur, təhsil və tətbiq sahələrində rəhbərlik edəcək və Pakistan hökuməti və özəl sektorla sıx əməkdaşlıq quraraq ölkədə qanunlara uyğun, inklüziv və qlobal rəqabətə davamlı kripto ekosistemi yaratmağa yardım edəcək.
Ç. Jao açıqlamasında qeyd edib ki, Pakistanın əhalisinin 240 milyon nəfərdən çox və onların 60 faizindən çoxu 30 yaşdan aşağı olması ölkənin kriptovalyuta sahəsində potensialını hədsiz dərəcədə artırır.
Xatırladaq ki, Ç. Jao 2023-cü ildə "Binance"ın Baş icraçı direktoru postundan istefa verib.
"Forbes" jurnalının 2025-ci ilin yanvar ayında yaydığı məlumata görə, Çin mənşəli kanadalı biznesmen olan Ç. Jao dünyanın 24-cü, Kanadanın isə ikinci ən varlı adamıdır və sərvəti təxminən 66,6 milyard ABŞ dollar dəyərində qiymətləndirilir.