Avropa apreldə rekord miqdarda mayeləşdirilmiş təbii qaz idxal edib.
"PostMedia" xəbər verir ki, "Gas Infrastructure Europe" (GIE) təşkilatının məlumatlarına əsasən, Avropa apreldə tarixdə ilk dəfə rekord həcmdə mayeləşdirilmiş təbii qaz (MTQ) idxal edib.
Aprelin yekunlarına görə, Avropa terminallarından Avropa İttifaqının qaz nəqliyyat sisteminə daxil olan MTQ axını təxminən 12,8 milyard kubmetr təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 1% çox, 2024-cü ilin apreli ilə müqayisədə isə 20% artıqdır. Bu göstərici müşahidələr tarixində ən yüksək səviyyədir və cari ilin martında qeydə alınan əvvəlki rekordu (12,7 milyard kubmetr) ötüb.
Beləliklə, 2025-ci ildə mayeləşdirilmiş təbii qaz Avropanın qaz mənbələri arasında 33,6%-lə birinci yerdədir.
İkinci yerdə 27,2%-lə yeraltı qaz anbarlarından götürülən qazdır.
Üçüncü yerdə isə 22,2%-lə əsasən Norveçdən daxil olan Şimal dənizi qazı qərarlaşıb.
Şərqdən olan tədarüklər (Rusiya qazı, Ukrayna üzərindən daşımalar və Avropa şirkətlərinin Ukrayna anbarlarından götürdüyü qaz) cəmi 3,8% təşkil edib. Şimali Afrikadan qaz idxalı 8,2%, Böyük Britaniyadan 2,3%, Azərbaycandan isə 2,8% olub.