2025-ci ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən respublikada 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“PostMedia” Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövü ilə müqayisədə 500 min ton yaxud 5,21% azdır.
Hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 200 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.
İllik müqayisədə müvafiq olaraq “Azəri-Çıraq-Günəşli”də 200 min ton yaxud 3,64%, “Şahdəniz”də 100 min ton və ya 7,14% azalma olsa da “Abşeron” yatağında göstəricilər dəyişməyib.
Qeyd edilən dövrdə SOCAR üzrə neft hasilatı da 200 min ton yaxud 8% azalıb.
Bu dövr ərzində ixraca nəql olunan neftin (kondensatla birlikdə) həcmi 100 min ton yaxud 1,27% azalaraq 7,8 milyon ton olub.
Bunun 6,6 milyon tonu konsorsiumların, 1 milyon tonu SOCAR-ın, 0,2 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə konsorsiumun ixracının 3 min ton yaxud 4,35% azalması, SOCAR-da isə sabit qalması deməkdir. “Abşeron” yatağı ilə bağlı isə ötən il göstəricilər qeyd edilməyib.
Qeyd edək ki, bu ilin aprel ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 75,1 min ton (566 min barrel) olub. Bunun 61,6 min tonunu (455 min barrel) xam neft, 13,5 min tonunu (111 min barrel) kondensat təşkil edib.
Bu ilin ilk 4 ayı ərzində neftin emalı 1,8 milyon ton təşkil edib.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 may 2025-ci il tarixinədək 656,8 milyon tona yaxın neft (kondensatla birlikdə), 480 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 606,9 milyon ton neft, 234,2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,9 milyon tona yaxın kondensat, 245,8 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 may 2025-ci il tarixinədək təqribən 654,9 milyon ton neft, 176,5 milyard kubmetr qaz ixraca nəql edilib.