Rəsmi Moskva İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına kömək etməyə hazır olduğunu açıqlayıb.
"PostMedia" xəbər verir ki, bunu Rusiya xarici işlər Naziri Sergey Lavrovun Ermənistana səfərininin yekunları ilə bağlı bəyanat yayan Rusiya Xarici İşlər Nazirliyi deyib.
Məlumatda o da qeyd edilir ki, tərəflər “3+3” adlı regional əməkdaşlıq platformasının imkanlarının reallaşdırılması üzrə səylərin artırılması barədə razılığa gəliblər.
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar zamanı Rusiya tərəfinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə kömək etməyə hazır olduğunu təsdiqləyib.
“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020–2022-ci illərdə əldə olunmuş üçtərəfli razılaşmalar əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə Rusiya tərəfindən dəstəyin davam etdirilməsinə hazır olunduğu təsdiqlənib”, – deyə nazirlikdən bildirilib.
Rusiya XİN əlavə edib ki, tərəflər “3+3” regional əməkdaşlıq platformasının potensialından istifadə imkanlarının artırılması üçün səyləri gücləndirmək barədə razılaşıblar. Bu platforma Cənubi Qafqaz regionunun problemlərinin birbaşa region ölkələri və onların yaxın qonşuları tərəfindən həll olunmasına yönəlib.
Nazirlər həmçinin Avrasiya inteqrasiya birlikləri çərçivəsində əməkdaşlığı, BMT və digər beynəlxalq platformalarda koordinasiyanı müzakirə ediblər.
Səfər çərçivəsində Rusiya XİN rəhbəri Ermənistan prezidenti Vaaqn Xaçatryan və baş nazir Nikol Paşinyanla da görüşlər keçirib.
Nazirlikdən qeyd olunub ki, siyasi və idarələrarası dialoqun möhkəmləndirilməsinə, Rusiya ilə Ermənistan arasında ticarət-iqtisadi əməkdaşlıq potensialının açılmasına qarşılıqlı maraq ifadə olunub ki, bu da qarşılıqlı anlaşmanın artmasına və hər iki tərəf üçün maraqlı olan məsələlərin həllinə şərait yaradacaq.
Həmçinin, xüsusilə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi kontekstində, tarixi yaddaşın qorunmasına yanaşmalarda ümumilik vurğulanıb.