Fransa Prezidenti Emmanuel Makron qarşıdakı aylarda Fələstini müstəqilmdövlət kimi tanıya biləcəklərini açıqlayıb.
“PostMedia” xəbər verir ki, o, Misirə səfərindən sonra bu barədə “France 5” kanalına müsahibəsi zamanı deyib.
E.Makronun sözlərinə görə, buna qədər bir sıra vacib addımlar atılmalıdır:
“Əmin ola bilərsiniz ki, həmin addımlar atılmaqdadır. Məqsədimiz iyunda bu tanınmanı həyata keçirməkdir”.
Fransa Prezidentinin fikirləri İsrail rəsmiləri tərəfindən sərt təpkiyə məruz qalıb. İsrailin xarici işlər naziri Gideon Saar X hesabında qeyd edib ki, bu cür addımlar regiona sülh gətirməyəcək:
“Bu cür hərəkətlər sülh, təhlükəsizlik və sabitliyi regionumuza gətirməyəcək.Əksinə, onları daha da uzaqlaşdıracaq. Xəyali Fələstin dövlətinin birtərəfli qaydada tanınması terroru dəstəkləmək və “Həmas”ımükafatlandırmaqdan başqa bir şey olmayacaq". Qeyd edək ki, Fələstin 150-yə yaxın ölkə tərəfindən suveren dövlət kimi tanınsa da, ABŞ, İngiltərə, Fransa, Almaniya və Yaponiya bu ölkələr arasında deyil. İsraili tanımayan ölkələr arasında Səudiyyə Ərəbistanı, İran, İraq, Suriya və Yəmən də var.