Çində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən bu ölkənin lideri Si Cinp deyib ki, tarif müharibələri çoxtərəfli ticarət sistemini sarsıdır.
"PostMedia" bu barədə Çinin dövlət agentliyinə istinadən xəbər verir.
"Tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və mənafelərinə zərər vurur, çoxtərəfli ticarət sistemini sarsıdır, dünya iqtisadi nizamında sabitliyi pozur”, – deyə Çin lideri çıxışında bildirib.
Si Cinpin vurğulayıb ki, Çin BMT prinsipləri və beynəlxalq hüquq əsasında formalaşan dünya nizamını qorumaq, qanuni maraqlarını müdafiə etmək və beynəlxalq ədalət uğrunda mübarizə aparmaq üçün Azərbaycanla birgə əməkdaşlıq etməyə hazırdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. Azərbaycan bu siyahıya daxildir. 10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-dan tətbiq olunub. Bununla yanaşı, aprelin 9-da Tramp bəyan edib ki, qarşılıqlılıq prinsipinə əsasən tətbiq edilmiş əlavə idxal rüsumlarının bir sıra ölkə və ərazilər üzrə qüvvədə olmasını 90 gün müddətinə dayandırıb. Ağ Ev bu fasiləni ticarət danışıqlarının aparılması ilə əlaqələndirib və həmin müddət ərzində yalnız 10%-lik universal tarifin qüvvədə qalacağını bildirib.