ABŞ Prezidenti Donald Tramp ticarət məsələlərinin müzakirəsi məqsədilə Yaponiya nümayəndə heyəti ilə keçirdiyi görüşdən sonra “böyük irəliləyiş” əldə edildiyini bəyan edib.
"PostMedia" xəbər verir ki, “Yaponiya nümayəndə heyəti ilə ticarət məsələləri üzrə yeni görüş keçirmək şərəf idi. Böyük irəliləyiş var”, – deyə Tramp "Truth" Social sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ tərəfdən danışıqlarda maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Latnik də iştirak edib.
Qeyd edək ki, Tramp aprel 2-də 185 ölkə və əraziyə aid mallara gömrük rüsumları tətbiq ediləcəyini elan edib. Yaponiya mallarına qarşı 24% həcmində tariflər təsdiqlənib. Bundan əlavə, ABŞ administrasiyası 3 aprel tarixindən etibarən bütün idxal olunan avtomobillərə 25% əlavə gömrük rüsumu tətbiq edib ki, bu da Yaponiyanın maraqlarına ciddi zərbə vurub.
Aprelin 9-da isə Tramp, danışıqlara hazır olduqlarını bildirən 75 ölkəyə qarşı tarif artımının 90 gün müddətinə dayandırıldığını açıqlayıb. Bu ölkələr üçün idxal tarifləri hələlik 10% səviyyəsində saxlanılacaq.