Birləşmiş Millətlər Təşkilatı (BMT) Cənubi Amerikada ilin əvvəlindən bəri 189 sarı qızdırma halının qeydə alındığını açıqlayıb.
"PostMedia" BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin məlumatına istinadən xəbər verir ki, infeksiyadan 74 nəfər ölüb.
"Latın Amerikasında sarı qızdırma hallarının artımı qeydə alınıb: ilin əvvəlindən Boliviya, Braziliya, Kolumbiya və Peruda ümumilikdə 189 nəfər bu xəstəliyə yoluxub, onlardan 74-ü vəfat edib" - BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) Panamerika Səhiyyə Təşkilatına (PAHO) istinadla məlumat verib.
Kolumbiyada “ən azı 83 xəstəlik və 37 ölüm halı təsdiqlənib”. OCHA bildirib ki, hazırda əsas problem virusun cəngəlliklərdən şəhərlərə yayılması riskidir. Qurum xatırladıb ki, ölkədəki bələdiyyələrin təxminən dörddə biri yüksək riskli zonalara daxildir, bir çoxu isə “çox yüksək riskli” kimi təsnif edilib.
Hökumət PAHO-nun dəstəyi ilə xəstəliklərin artımına qarşı tədbirlər görür və vaksinasiya kampaniyaları həyata keçirir. Artıq 1 milyondan çox peyvənd vurulub.