Axşam saatlarında, xüsusilə də həzm sistemi yavaşladığı zaman qatıq yemək təkcə qıcqırma və köpü azalda bilməz, həm də orqanizmin kalsiumu daha yaxşı mənimsəməsinə kömək edir. Tibb və qidalanma sahəsində aparılmış araşdırmalar nəticəsində məlum olub ki, qatıq orqanizm üçün olduqca faydalı maddələrlə zəngindir.
“PostMedia” xəbər verir ki, 100 qramlıq qatıq təxminən 61 kilokalori, 3.5 qram protein, 4.7 qram karbohidrat və 3.3 qram yağ tərkibinə malikdir.
Qıcqırdılmış məhsul olduğu üçün qatıq zülal, kalsium, B12 vitamini, riboflavin (B2), fosfor, maqnezium və probiotiklərlə zəngindir.
Qatıqda “Lactobacillus bulgaricus” və “Streptococcus thermophilus” kimi faydalı bakteriyalar və bağırsaqda “yaxşı bakteriyaların” artımını stimullaşdıran probiotiklər də mövcuddur.
Bu maddələr qidaların parçalanmasını asanlaşdırır və qida maddələrinin sorulmasını yaxşılaşdırır.
Axşam saatlarında qatıq yeməyin əsas faydaları bunlardır:
Qatıqda olan kalsium və D vitamini axşam saatlarında orqanizmin bu maddəni daha yaxşı mənimsəməsinə kömək edir. Bu, xüsusilə sümük sağlamlığı baxımından vacibdir.
Bağırsaqdakı faydalı və zərərli bakteriyalar arasındakı tarazlığın pozulması qəbizlik, ishal, qıcıqlanmış bağırsaq sindromu və kolit kimi problemlərə səbəb ola bilər. Qatıqda olan probiotiklər bağırsaq mikroflorasını bərpa edir, iltihabı azaldır və sorulmanı yaxşılaşdırır.
Laktaza çatışmazlığı olan şəxslər süd məhsullarından sonra köp və ishal kimi narahatlıqlar yaşaya bilər. Ancaq qatıq fermentasiya olunmuş məhsul olduğundan, onun tərkibindəki laktoza qismən parçalanır və bu da həzmi asanlaşdırır.
Axşam saatlarında bağırsaqlar daha yavaş işlədiyindən, xüsusən lifli qidalanmayan şəxslərdə qəbizlik müşahidə oluna bilər. Qatıqda olan probiotiklər bağırsaq hərəkətlərini stimullaşdırır və bu problemi aradan qaldırmağa kömək edir. Araşdırmalar göstərir ki, mütəmadi olaraq axşamlar qatıq yeyən şəxslərdə qəbizlik daha az rast gəlinir.
Nə vaxt və necə yemək daha faydalıdır?
Mütəxəssislər qatığın yeməkdən sonra yeyilməsini tövsiyə edir. Acqarına yeyilən qatıq mədə divarını qıcıqlandıra və xoralar yarada bilər. Qatığı meyvə, yulaf, toxum və qoz-fındıqla birgə istehlak etmək onun qida dəyərini və faydasını daha da artırır.
Ən yaxşı nəticə üçün şəkərsiz və ya az şəkərli qatıq seçilməsi tövsiyə olunur. Şəkərli qatıq piylənməyə səbəb ola bilər və bağırsaq florasını poza bilər.
Bundan əlavə, qatığı şam yeməyindən dərhal sonra deyil, 1-2 saat sonra yemək daha məqsədəuyğundur. Əks halda köp və qaz probleminə səbəb ola bilər.
Nəticədə qatıq, xüsusilə axşam saatlarında müntəzəm olaraq yeyildikdə, həm həzm sisteminə, həm də ümumi sağlamlığa faydalı təsirlər göstərir. Sağlam bir vərdiş kimi axşam menyusuna qatığı daxil etmək tövsiyə olunur.