Pakistan Hindistanla sərhəddə yerləşən “Vağah” sərhəd-keçid məntəqəsini, həmçinin Hindistana və hindistanlılara məxsus aviaşirkətlər üçün öz hava məkanını bağlayır.
"PostMedia" xəbər verir ki, bu qərar, Cammu və Kəşmirin Hindistana məxsus hissəsində baş verən terror aktına Yeni Dehlinin reaksiyası ilə bağlı keçirilən Pakistanın Milli Təhlükəsizlik Şurasının iclasından sonra qəbul edilib.
“Pakistan ‘Vağah’ sərhəd-keçid məntəqəsini dərhal qüvvəyə minməklə bağlamalıdır. Hindistandan bu marşrutla həyata keçirilən bütün transsərhəd tranzit istisnasız dayandırılmalıdır. Sərhədi keçmiş şəxslər etibarlı icazələri olduğu halda yalnız 30 aprelədək bu məntəqədən geri qayıda bilərlər. Pakistanın hava məkanı dərhal qüvvəyə minməklə Hindistana və hindistanlılara məxsus aviaşirkətlər üçün bağlanacaq”, – deyə Pakistan Baş nazirinin katibliyinin Təhlükəsizlik Şurası iclasından sonra yaydığı bəyanatda qeyd olunub.
Xatırladaq ki, aprel 22-də tarixində Hindistanın ittifaq ərazisi olan Cammu və Kəşmirdə yerləşən məşhur turizm şəhəri Pahalgamda silahlı şəxslər atəş açıblar. Nəticədə 25 hindistanlı və 1 Nepal vətəndaşı həlak olub, bir çox insan yaralanıb. Hücum edənlər hadisə yerindən qaçıb. Hindistanın The Times of India qəzetinin Hindistan kəşfiyyatındakı mənbələrə istinadla verdiyi məlumata görə, hücumu Pakistanda yerləşən radikal qruplaşma həyata keçirib.