Bu gün Lənkəran, Masallı və Bakının Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
"PostMedia"ya verilən məlumata görə, "Azərişıq" ASC bildirir ki, Lənkəran və Masallı Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq hava xətlərində təmir işləri səbəbindən aprelin 22-də bəzi ərazilərdə elektrik xətləri sifarişə uyğun olaraq kəsiləcək.
Bu səbəbdən saat 11:00-dan 13:00-dək Lənkəranın Şiləvar, Digah kəndləri, Qalayçılar və Kürə adlanan ərazilərində, saat 11:00-dan 15:00-dək isə Masallı şəhərinin bir hissəsində, həmçinin Puşkin, Nəriman Nərimanov, Füzuli küçələrində elektrik enerjisi verilişində məhdudiyyətlər olacaq. Təmir işləri yekunlaşdıqdan sonra bu ərazilər daha yaxşı elektrik enerjisi ilə təmin ediləcək.
Bundan əlavə, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma işləri və yeni güc mənbəyinin quraşdırılması səbəbiylə bu gün bəzi qəsəbələrdə elektrik xətləri müvəqqəti olaraq bağlanacaq.
Buna görə saat 11:00-dan 15:00-dək Sulutəpə və Çiçək qəsəbələrinin bir hissəsində elektrik enerjisi verilişi məhdudlaşdırılacaq. Yenidənqurma işləri tamamlandıqdan sonra bu ərazilər daha etibarlı elektrik enerjisi ilə təmin olunacaq.