Braziliya həbsxanalarında xüsusi bir proqram həyata keçirilir. Məhkumlar kitab oxuyub rəylər yazaraq həbs müddətlərini azalda bilirlər.
“PostMedia” xəbər verei ki, “Oxuma yolu ilə əfv” (Remição pela Leitura) adlanan bu proqram reabilitasiyaedici, maarifləndirici və xilasedici xüsusiyyət daşıyır. Məhkumlar oxuduqları hər bir kitab üçün bir rəy yazır və bunun müqabilində cəzalarından 4 gün azaldılır. Onlar ildə maksimum 12 kitab üçün rəy təqdim edə bilər və bu da ildə maksimum 48 gün cəza endirimi deməkdir.
Proqram nəyi hədəfləyir?
Braziliya, həbsxanalardakı həddindən artıq doluluğu azaltmaq, savadlılığı təşviq etmək və məhkumları gücləndirmək üçün yeni bir yol tapmış kimi görünür: Məhkumlara oxumaqla cəzalarını azaltmaq imkanı verilir.
Braziliya Ədliyyə Nazirliyinin himayəsi ilə başlanan proqram ədəbiyyatla azadlığı bir araya gətirir. Həm əyalət, həm də federal həbsxanalardakı bütün məhkumlar bu proqramda iştirak edə və illik 48 günədək cəza endirimi ala bilərlər. Hər kitab və rəyə görə 4 gün, ildə maksimum 12 kitab. Proqramın yüksək məqsədləri var: Həbsxanaların sıxlığını azaltmaq, savadlılığı artırmaq və cəmiyyətin həbs cəzasına baxışını dəyişmək.
Kitabla bağlı rəy yazmaq tələb olunur
Sistem sadə görünsə də, qaydalar sərtdir. Məhkumlar əvvəlcədən təsdiqlənmiş janrlardan bir kitab seçirlər. Oxunuş kitabın həcminə görə 21-30 gün ərzində tamamlanmalıdır. Daha sonra 10 gün müddətində kitabla bağlı tənqidi bir rəy yazılmalıdır.
Bu yazılar sadə bir kitab icmalı kimi qəbul edilmir. Rəylər müəllimlər, kitabxanaçılar və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət bir komissiya tərəfindən qrammatika, məntiq və idraki dərinlik baxımından qiymətləndirilir. Təhsil işçiləri bildirirlər ki, əvvəllər az təhsil almış məhkumlar belə, bu proqram vasitəsilə ədəbi təhlil və yazı bacarıqları əldə edirlər və bu bacarıqlar onların cəmiyyətə yenidən inteqrasiyası üçün vacibdir.
Bu proqramlarda çalışan müəllim Lucia Andrade deyir: “Bir çox məhkum əvvəlcə yalnız cəzasını azaltmaq üçün başlayır, amma sonunda nəsə dəyişir – oxumağı sevməyə başlayırlar, müzakirə etmək istəyirlər, öyrənmək istəyirlər.”
Təkrar cinayət nisbəti xeyli azalıb
Braziliya həbsxanaları dünyanın ən dolu həbsxanaları sırasındadır. Ədliyyə Nazirliyi 700 mindən çox insanın həbsdə olduğunu və onların əksəriyyətinin imkanlarından çox yüklənmiş müəssisələrdə saxlanıldığını bildirir. Ənənəvi reabilitasiya metodları bəzi bölgələrdə 70%-ə çatan yüksək təkrar cinayət göstəricilərinin qarşısını ala bilmir.
2012-ci ildə başlayan oxu proqramı məhkumların islahı baxımından olduqca uğurlu olub. Bu illər ərzində təkrar cinayət törətmə faizi 6%-ə qədər enib. Mütəxəssislər bunu təkcə bir statistika kimi deyil, ikinci bir şansla ömürlük həbs arasında olan fərq kimi görürlər. Bu, yenidən insan kimi rəftar olunması ilə bağlıdır. Bir insan həbsdən nurlanmış, reabilitasiya olunmuş və dünya görüşü genişlənmiş şəkildə çıxa bilər.
Balaca Şahzadə, 1984, Bülbülü Öldürmək siyahıdadır
Silahlı soyğunçuluq cinayətindən 12 il həbs cəzası alan 32 yaşlı bir məhkum oxu proqramına qoşulduqda, əsas anlama bacarığı belə yox imiş. Altı ay sonra “Balaca Şahzadə” və “1984” kimi kitabların rəylərini tamamlayıb digər məhkumlara dərs keçməyə başlayıb. Eyni məhkum müsahibəsində bildirib ki, kitab oxumaq ona fərqli düşünməyi öyrədib, həbsxana divarlarının o üzünü görməyə imkan verib və kitablar ona həbsxananın heç vaxt öyrədə bilmədiyi bir şeyi – ümid etməyi öyrədib.
Başqa bir məhkum isə “Bülbülü Öldürmək” kitabını oxuduqdan sonra qızına məktub yazmaq istəyib. Ona ədalət və cəsarət haqqında bəzi fikirlərini çatdırıb. Daha əvvəl qızı ilə bu şəkildə danışa bilmədiyini, fikirlərini ifadə edə bilmədiyini və kitab oxumağın ona çox faydası olduğunu söyləyib.