Ukrayna ABŞ-dan 10 ədəd “Patriot” zenit-raket kompleksi (ZRK) almağa və bunun üçün 15 milyard dollar ödəməyə hazırdır, lakin Vaşinqton bu sistemləri satmaqdan imtina edir.
“PostMedia” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “CBS News” telekanalına müsahibəsində bildirib.
“Biz (ABŞ-dan) almağa hazırıq və bizə azı 10 ədəd (Patriot) sistem lazımdır ki, bəzi şəhərləri qoruya bilək… və bu, 15 milyard dollardır. Biz bu 15 milyardı ödəməyə hazırıq, biz bu vəsaiti tapacağıq və hər şeyi ödəyəcəyik”, – deyə Zelenski vurğulayıb.
Daha əvvəl də Zelenski Ukraynanın ABŞ-dan “Patriot” sistemlərini də əhatə edən iri silah paketi almağa hazır olduğunu demişdi, lakin o zaman nə məbləğ, nə də maliyyə mənbələri dəqiqləşdirilirdi.
İndi isə o, Kiyevin ABŞ-dan hava hücumundan müdafiə sistemləri və digər silahları Avropa tərəfdaşlarının maliyyə dəstəyi ilə almağı planlaşdırdığını bildirib.
“Bizdə HHM sistemləri yoxdur, bu sistemlərdən kifayət qədər deyil. Lazım olan yeni silah paketini ABŞ-a təqdim etmişik. Bu paketi almağa hazırıq. Avropalı tərəfdaşlarla da bu paketi birgə maliyyələşdirmək barədə danışmışıq”, – deyə o əlavə edib.
Eyni zamanda Zelenski yenidən vurğulayıb ki, ABŞ ilə “Patriot” sistemlərinin alınması barədə razılığa gəlmək mümkün olmur.
“Mən başa düşmürəm ki, niyə əlavə ‘Patriot’ sistemləri ilə bağlı razılıq əldə edə bilmirik, – deyə o bildirib. – ABŞ deyir ki, hazırda belə imkan yoxdur. Amma eyni zamanda, bu cür sistemlər, məsələn, İsrailə verilir”.