İran və ABŞ şənbə günü keçiriləcək dolayı məsləhətləşmələrdə gələcək danışıqların formasını razılaşdıra bilərlər.
"PostMedia" xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali "Rossiya-24" telekanalına müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Tehran və Vaşinqton arasında bu danışıqlarla bağlı ətraflı məlumata malik deyil. “Amma deyə bilərəm ki, bu ilk görüş olacaq. Düşünürəm ki, əvvəlcə onlar [İran və ABŞ] danışıqların formasını razılaşdıracaqlar, sonra qarşıya məqsədlər qoyacaqlar”, – deyə Cəlali bildirib.
Onun sözlərinə görə, əgər qarşı tərəf mövqelərində səmimi olarsa, danışıqlar mümkündür. “Bəzən belə olur ki, onlar [ABŞ] danışıqların nəticəsini əvvəlcədən yazır və deyirlər ki, siz bu sənədi imzalamalısınız. Təbii ki, bu cür şəraitdə biz bunu danışıqlar saymırıq. Biz tərəflər arasında razılığa gəlməmişdən əvvəl dialoq aparılmasını vacib sayırıq”, – deyə diplomat İran tərəfinin mövqeyini izah edib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp şənbə günü Vaşinqton və Tehran arasında “demək olar ki, yüksək səviyyədə” görüş keçiriləcəyini bəyan etmişdi.