ABŞ prezidenti Donald Trampın administrasiyasının Hökumətin Effektivliyini Artırma Departamenti (DOGE) ilə çalışan rəsmiləri federal qurumların əməkdaşlarından iş, təhsil və yaşayış yeri haqqında məlumat tələb ediblər.
“PostMedia” xəbər verir ki, bu barədə The Washington Post (WP) qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, Tramp administrasiyası qanunsuz miqrantları müəyyən etmək məqsədilə adətən qanunla qorunan şəxsi məlumatlardan istifadə edir. Qəzetin yazdığına görə, bu tədbirlərin məqsədi həmin şəxsləri yaşayış yeri və iş imkanlarından məhrum etməkdir. Məsələn, ABŞ-ın Mənzil və şəhərsalma nazirliyinin rəsmiləri ailə üzvlərindən bəziləri ölkədə qanuni, digərləri isə qanunsuz şəkildə yaşayan qarışıq statuslu ailələrin dövlət mənzillərində yaşamasına qadağa qoyacaq yeni qayda hazırlayırlar. DOGE bölmələri artıq belə ailələrin yaşadıqları mənzillərdən çıxarılmasına çalışır və qanunsuz miqrantların, ABŞ vətəndaşları və ya qanuni rezidentlərlə birlikdə yaşasalar belə, dövlət proqramlarından yararlanmamasını təmin etmək istəyirlər.
Bundan əvvəl Sosial Müdafiə Xidməti əsasən Latın Amerikasından olan 6 minə yaxın miqrantın adını və sosial sığorta nömrəsini vəfat etmiş şəxslərin izlənməsi üçün istifadə edilən məlumat bazasına daxil edib. Bu addım onların ABŞ-da sosial yardım almasına və qanuni işləməsinə əngəl olub. WP-nin məlumatına görə, yaxın zamanlarda vergi və immiqrasiya xidmətləri qanunsuz şəkildə ölkədə yaşayan şəxslər barədə məxfi vergi məlumatlarının paylaşılması barədə razılıq əldə ediblər. Bu məlumatlar deportasiya hallarının artmasına səbəb olub-olmayacağı hələlik məlum deyil, – deyə qəzet qeyd edir.