Geologiya üzrə dünya çempionatı ilk dəfə keçiriləcək. "PostMedia" TASS-a istinadən xəbər verir ki, tədbirdə 20-dən çox ölkədən tələbələr və gənc geoloqlar iştirak edəcəklər.
"Geologiya üzrə ilk dünya çempionatı 17–23 may tarixlərində Sankt-Peterburqda keçiriləcək. Yarışda Efiopiya, Mali, Tanzaniya, Azərbaycan, Qazaxıstan, Özbəkistan da daxil olmaqla 20-dən çox ölkədən iştirakçılar yer alacaq" - bu barədə TASS-da keçirilən mətbuat konfransında Karpinski adına İnstitutun direktor müavini Maksim Tkaçenko məlumat verib.
“Ən maraqlılar arasında Efiopiyanı, Malini və xüsusilə Tanzaniyanı qeyd edərdim, çünki yalnız orada ‘tanzanit’ adlı nadir mineral çıxarılır”, – deyə Tkaçenko bildirib.
O əlavə edib ki, iştirakçılar üçün geniş proqram hazırlanıb. Yarışlar mineralogiya, petroqrafiya, tektonika, paleontologiya, metallogeniya, dördüncü dövr geologiyası və geoloji xəritələşdirmə sahələrini əhatə edəcək. Yarışların metodikası Karpinski İnstitutunun aparıcı alimləri və mütəxəssisləri tərəfindən hazırlanıb.
Bundan əlavə, geologiya üzrə viktorinalar, ixtisasartırma məqsədli ustad dərsləri, eləcə də geoloji marşrutlar və ekskursiyalar da nəzərdə tutulub. “Peterburqda geoloji abidələrin sayı çoxdur. Hər hansı binanın hansı süxur və minerallardan tikildiyini öyrənmək, həqiqi fosilləri, orqanizmlərin qabıqlarını və qalıqlarını tapmaq – bütün bunlar şəhərdən çıxmadan mümkündür”, – deyə Tkaçenko əlavə edib.
Çempionatın təşkilatçıları Karpinski İnstitutu və Sankt-Peterburq hökumətidir. Yarış UNESCO-nun himayəsi altında və Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilir. Qaliblərin mükafatlandırılması Neva Beynəlxalq Ekoloji Konqresi (NMEK)-2025 çərçivəsində baş tutacaq.