Türkiyə Ukrayna ilə bağlı sülh danışıqlarına ev sahibliyi təklif edib
"PoatMedia" "Hürriyyet"-ə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Rusiyanın Prezident köməkçisi Vladimir Medinski ilə görüşü zamanı ölkəsinin Ukrayna üzrə sülh danışıqlarının yeni raunduna ev sahibliyi etməyə hazır olduğunu təstiqləyib. O, Türkiyənin münaqişənin həllinə hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Fidan Moskvaya Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə iki günlük səfər edib. Mayın 26-ı isə o, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski ilə görüşüb. Hakan Fidanı Rusiya Prezidenti Vladimir Putin də qəbul edib.
Hürriyet qeyd edir ki, danışıqlarda digər mühüm mövzulardan biri də Suriyadakı vəziyyət olub. “Ankara, Rusiyanın Suriyanın siyasi və ərazi bütövlüyünü dəstəkləməyə davam etməsini istəyir”, — deyə nəşrdə bildirilib.
Fidanın Moskvadakı görüşlərinin gündəliyinə ikitərəfli münasibətlər də daxildir. Rusiya Türkiyəyə əsas enerji resursları tədarükçüsüdür və ölkəni ziyarət edən turistlərin sayına görə birinci yerdədir. Qəzet yazır ki, 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6,9% azalıb, bu da əsasən sanksiyalarla əlaqədardır, o cümlədən Türkiyədə tikilməkdə olan “Akkuyu” AES-in inşasına da buna mənfi təsir göstərir.
Hürriyet əlavə edib ki, ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və onların Türkiyə kimi üçüncü ölkələrə mənfi təsiri danışıqlarda diqqətçəkən mövzulardan biri olub. "Ankara hesab edir ki, “Rusiya və ABŞ arasında münasibətlərin müsbət mərhələyə keçidi” həm Rusiya, həm də Türkiyə üçün müsbət nəticələr verəcək" - deyə, nəşrdə bildirilib.