Peykin buraxılışı ABŞ Kosmik Qüvvələrinin Florida ştatında, Kanneveral burnundakı bazadan həyata keçirilib
"PostMedia" xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, Cənubi Koreya Respublikasının dördüncü kəşfiyyat təyinatlı peyki uğurla hədəf orbitə çıxarılıb.
Peykin buraxılışı Seul vaxtı ilə saat 09:48‑də (Bakı vaxtı ilə 04:48) Florida ştatının Kanneveral burnundakı ABŞ Kosmik Qüvvələrinin bazasından baş tutub. Peyki orbitə Amerikanın SpaceX şirkətinə məxsus Falcon 9 raketi çıxarıb.
Cənubi Koreya 2025‑ci ilin sonunadək daha bir peyk buraxmağı planlaşdırır. Orbitdəki beş aparat Seula Şimali Koreya üzərində hər iki saatda bir daimi müşahidə aparmağa imkan verəcək.
Məlumatda bildirilir ki, Kosmik kəşfiyyat potensialının artması Cənubi Koreyanın bu sahədə ABŞ‑a olan asılılığını azaldacaq.
Qeyd edək ki, 2023‑cü il, noyabrın 21-də Şimali Koreya “Malligyŏng‑1” adlı ilk kəşfiyyat peykini buraxıb, bundan əvvəl isə iki uğursuz cəhd qeydə alınıb.