Mayın 6-da Hindistan Silahlı Qüvvələri "Sindur Əməliyyatı" adı altında Pakistan və Pakistanın idarə etdiyi Kəşmir ərazisində yerləşən infrastrukturlarına qarşı raket zərbələri endirib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, rəsmi Dehli bunu terrorçulara qarşı mübarizə kimi qələmə verir.
Bu əməliyyat, 22 aprel tarixində Hindistanın Pahalgam bölgəsində baş vermiş və 25 hindistanlı ilə 1 Nepal vətəndaşının həyatını itirdiyi terror hücumuna cavab olaraq həyata keçirilib .
Hindistan Müdafiə Nazirliyi əməliyyatın "dəqiq, ölçülü və eskalasiyaya səbəb olmayan" xarakter daşıdığını, yalnız terrorçuların planlaşdırma və yönləndirmə mərkəzlərinin hədəf alındığını bildirib. Əməliyyat zamanı Pakistanın hərbi obyektlərinə toxunulmayıb .
Əməliyyat çərçivəsində Müzəffərabad, Kotli, Bahavalpur, Şərq, Muridke və Əhmədpur şəhərlərində yerləşən doqquz hədəf vurulub. Pakistanın məlumatına görə, zərbələr nəticəsində 3 mülki şəxs həlak olub, 12 nəfər isə yaralanıb.
Pakistan Silahlı Qüvvələrinin sözçüsü Əhməd Şərif Çaudri Hindistanın bu hücumunu "alçaq təxribat" adlandıraraq, "Pakistan bu təcavüzə öz seçdiyi zaman və məkanda cavab verəcək" deyə bildirib.
Son məlumatlara görə, hücumlar nəticəsində 1 uşaq və bir qadın həlak olub.
Hazırda hər iki ölkə arasında gərginlik artmaqda davam edir və beynəlxalq ictimaiyyət tərəfləri təmkinli olmağa çağırır.
