ABŞ radikal Fələstin hərəkatı olan HƏMAS-ın gələcəkdə Qəzza sektorunun idarə olunmasında iştirakına imkan verməyəcək.
"PostMedia" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
O, ABŞ HƏMAS-ın Qəzza müharibədən sonrakı idarəçiliyində hansısa rola sahib olmasına mane olacaqmı - sualına: - “Biz HƏMAS-a buna imkan verməyəcəyik”, – deyə cavab verib.
“Qəzzada nə baş verəcəyinə baxacağıq, lakin Yaxın Şərqdə böyük irəliləyiş əldə etmişik”, – deyə, o vurğulayıb.
“2023-cü il 7 oktyabr tarixində baş verən hadisələr – bu xüsusi gün – heç vaxt baş verməməliydi”, – deyə Tramp sözlərinə davam edib. “Əgər mən prezident olsaydım, bu heç vaxt baş verməzdi. Amma biz bu vəziyyəti dayandıracağıq”, – deyə o yekunlaşdırıb.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət 2023-cü il, oktyabrın 7-də HƏMAS silahlılarının Qəzza sektorundan İsrail ərazisinə keçməsi, sərhəd yaşayış məntəqələrinin sakinlərini qətlə yetirməsi və girov götürməsi ilə kəskinləşib. Cavab olaraq İsrail, HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və bütün girovları azad etmək məqsədilə anklavda hərbi əməliyyata başlayıb. O vaxtdan bəri Qəzzada hərbi əməliyyatlar nəticəsində 51 mindən çox fələstinli həlak olub, təxminən 117 min nəfər isə yaralanıb.
18 martda İsrail ordusu yanvar ayında elan edilmiş atəşkəsi pozaraq sektorda hərbi əməliyyatları bərpa edib və genişmiqyaslı zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff tərəfindən irəli sürülən təklifləri rədd etməsi ilə izah edib. Bildirilib ki, əməliyyatın məqsədi Qəzzada saxlanılan bütün girovları azad etməkdir. Radikallar isə hərbi əməliyyatların yenidən başlanmasına görə məsuliyyəti İsrail və ABŞ- də görürlər.