ABŞ prezidenti Donald Tramp İranla dialoqa açıqdır və bu mövzuda Oman sultanı Heysəm bin Tarik əl-Səid ilə telefon danışığı aparıb.
”PostMedia” xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
"Məlumdur ki, İrana qarşı təzyiq kampaniyası maksimum davam edir, lakin prezident İranla dialoq və məsləhətləşmələr aparmaq istədiyini açıq şəkildə ifadə edib. Eyni zamanda, İranın heç vaxt nüvə silahına sahib olmayacağını qəti şəkildə bildirib. Bu gün prezident Oman sultanı ilə danışıb, ABŞ və İran arasında ilk birbaşa görüşün təşkilinə görə ona təşəkkürünü bildirib və İranın nüvə proqramını danışıqlar yolu ilə dayandırmasının vacibliyini vurğulayıb”, – deyə Livitt qeyd edib. O, telefon danışığı ilə bağlı Ağ Evin sonradan yazılı bəyanat yayacağını da əlavə edib.
“İki ölkənin liderləri həmçinin ABŞ-ın Yəmənin ‘Ənsar Allah’ (husilər) hərəkatına qarşı davam edən hərbi əməliyyatlarını müzakirə ediblər və Qırmızı dənizdə dəniz nəqliyyatına qarşı hücumları dayandırmayana qədər husilərin ağır nəticələrlə qarşılaşacağını vurğulayıblar. Bildiyiniz kimi, şənbə günü ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə İran nümayəndəsi arasında əlavə danışıqlar planlaşdırılıb. Danışıqlar davam etdiyindən, bu barədə əlavə məlumat verə bilmərəm”, – deyə Livitt əlavə edib.
Qeyd edək ki, aprelin 12-də Omanda Tehran və Vaşinqton nümayəndələri arasında İranın nüvə proqramı ilə bağlı vəziyyətin tənzimlənməsi məqsədilə danışıqlar aparılıb. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə Uitkoff rəhbərlik edib. İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş konstruktiv və sakit atmosferdə keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Danışıqların ikinci raundu 19 aprel tarixində keçiriləcək.