Tramp Ramafosa ilə görüş zamanı NBC müxbirini axmaq və idiot adlandırıb
"PostMedia" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə Ağ Evdə görüşü zamanı NBC kanalının müxbirini "axmaq" və "idiot" adlandırıb.
Görüş zamanı Tramp Ramafosaya Cənubi Afrikada ağdərili əhaliyə qarşı törədilən qətllər və digər cinayətlərlə bağlı video və foto materiallar təqdim edib. Təqdimatdan sonra Tramp zalda olan jurnalistlərə sualları olub-olmadığını soruşub. NBC-nin müxbiri Piter Aleksandr ABŞ Hərbi Hava Qüvvələrinə Qətər hökuməti tərəfindən təqdim olunmuş və yeni prezident təyyarəsi olacaq təyyarə barədə şərh verməyi təklif edib.
Tramp belə cavab verib: “Bunun Qətər təyyarəsinə nə aidiyyəti var? NBC sadəcə indi gördüyünüz mövzudan yayınmağa çalışır. Siz, doğrudan da… dəhşətli bir reportyorsunuz”.
ABŞ Prezidenti əlavə edib: “Bu idiot, minlərlə insanın öldüyünü gördükdən sonra məhz bu haqda danışır. Bu çox ciddi bir vəziyyətdir. Əgər bizdə gerçək xəbər mənbələri, real jurnalistika olsaydı – amma yoxdur, çünki onlar bu haqda danışmaq istəmirlər – hamısı bu idiot kimi adamlardır. Əgər bizdə real media olsaydı, bu məsələ ifşa edilərdi”.
Tramp daha sonra deyib: “Əgər media NBC kimi yalançı olmasaydı — bu kanal yalançı mediadır, ən pislərindən biridir. ABC, NBC və CBS — bunlar dəhşətdir. Əgər bunlar bu cür yalançı olmasaydılar, əgər bizim real reportyorlarımız olsaydı, onlar bu haqda danışardılar. Amma bu ölkədəki yalançı media bu barədə danışmır”.