İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi bildirib ki, tərəflər ABŞ Prezidenti Donald Trampın təklif etdiyi müddətdə İranın nüvə proqramı ilə bağlı yekun razılığa gələ bilməycəklər.
İranın xarici işlər naziri Abbas Araqçi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofa Tehranın nüvə proqramı ilə bağlı aralıq saziş bağlamağı təklif edib.
"PostMedia" bu barədə ABŞ-in Axios portalına istinadən xəbər verir.
Onların məlumatına görə, Romada keçirilən məsləhətləşmələr zamanı Araqçi qeyd edib ki, tərəflər, yəqin ki, Trampın təklif etdiyi 60 günlük müddət ərzində yekun razılaşma əldə edə bilməyəcəklər. Nazir xüsusi nümayəndəyə bildirib ki, mümkün razılaşmanın texniki detalları nəzərə alındıqda, danışıqları iki ay ərzində başa çatdırmaq çox çətin olacaq. Uitkof isə cavabında aralıq sazişi müzakirə etmək istəmədiyini, əvəzində 60 gün ərzində hərtərəfli razılaşmaya nail olmağa fokuslandığını deyib.
Bununla yanaşı, Axios portalının mənbələrinin sözlərinə görə, Uitkof əlavə edib ki, müddətin sonuna yaxınlaşdıqca hər iki tərəf daha çox vaxta ehtiyac olduğunu görsə aralıq saziş ideyasına qayıtmaq mümkündür.
İranın BMT-dəki daimi nümayəndəliyi isə Axios-un yaydığı məlumatı təkzib edərək bildirib: “Bu, sadəcə olaraq, həqiqətə uyğun deyil və reallığı əks etdirmir.” ABŞ Dövlət Departamenti isə bu mövzu ilə bağlı şərh verməkdən imtina edib.
Araqçi və Uitkof Romada Oman vasitəçiliyi ilə dolayı danışıqlar aparıblar, lakin bəzi görüşlərdə üzbəüz də görüşüblər, deyə Axios-un mənbələri bildirir.
Vaşinqton administrasiyasının nümayəndələri bildiriblər ki, Uitkof və Araqçi Romadakı görüş zamanı “çox yaxşı irəliləyiş əldə ediblər”. Tramp 60 günlük müddətin nə zaman bitəcəyini deməyib, lakin amerikalı rəsmilər bildirirlər ki, artıq vaxt tükənmək üzrədir.
İranın xarici işlər naziri və ABŞ prezidentinin xüsusi nümayəndəsi arasında növbəti görüşün 26 apreldə keçirilməsi planlaşdırılır.